RECTUS
TƏRKİBİ 1 tabletdə:
Sitixolin (Citicoline)........................350 mq
Vinposetin (Vinpocetine)..................10 mq
Ginkqo biloba (Ginkgo biloba)........120 mq
QAYT (GABA)....................................75 mq
Bakopa Monye (Bacopa monnieri)....50 mq
B1 vitamini (Thiamine HCl).................5 mq
B3 vitamini (Niacin)...........................30 mq
B6 vitamini (Pyrdoxine HCl)............... 6 mq
B8 vitamini (İnositol)..........................60 mq
B9 vitamini (Folic acid)..................150 mkq
FARMAKOTERAPEVTİK QRUPU: Nootrop, neyroprtektor, angioprotektor, antihipoksant, antiaqreqant təsirlərə malik, beyin qan dövranını yaxşılaşdıran preparat
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Sitixolin – sinir hüceyrəsini sitidin və xolin kimi əsas komponentlərlə təmin etdiyindən membran fosfolipidlərinin miqdarını artırır, membranoprotektor və neyroprotektor təsir göstərir. Sitixolin neyronların membran tamlığını bərpa edərək toksik təsirli yağ turşularının işemiya sahəsinə toplanmasının qarşısını alır, zədə nahiyyəsinin sürətlə bərpasına şərait yaradır. MSS-ni stimulaşdırır, retikulyar formasiyanın aktivliyini artırır, əhval–ruhiyyə və əqli fəaliyyəti yüksəldir. Sitixolin beyində sinir impulslarının ötürülməsini təmin edən asetilxolinin birbaşa sintezində iştirak etdiyi üçün apatiya qısa müddətdə aradan qalxır, yaddaş, diqqət yaxşılaşır, tanıma və oriyentasiya yüksəlir.
Vinposetin- beyin qan dövranını yaxşılaşdırır, beyinin işemiyaya davamlığını artırır. Beyin damarlarını genişləndirərək beyin qan dövranını yaxşılaşdırır, işemik zonaların qan dövranını normal zonalara nisbətən daha çox artırır. Beyində mikrosirkulyasiyanı artırmaqla yanaşı, trombositlərin aqreqasiyasını da tormozlayaraq qanın özüllüyünü azaldır. Vinposetin beyinin hipoksiyaya davamlığını artırır, beyin toxumasında oksigen və qlükozanın mənimsənilməsini və əsas metabolik prosesləri normallaşdırır. Beyinin oksigen təchizatını yaxşılaşdıraraq qlükozanın aerob oksidləşməsini təmin edir. Yanaşı olaraq siklik AMF-in miqdarını artırdığından qlükozanın anaerob yolla oksidləşməsi də sürətlənir. Bu isə öz növbəsində beyində sintez olunan ATF-in miqdarını kəskin artırır, yaddaş, qavrama, koqnitiv fəaliyyət üçün gərəkli olan katexolaminlərin sintezini sürətləndirir.
Ginkqo Biloba - beyin qan dövranını, həmçinin, koronar və periferik qan dövranını yaxşılaşdırır. Tərkibindəki flavon qlikozidləri (24%) hüceyrələrdə qlikoliz prosesini aktivləşdirərək (əsasən beyin hüceyrələrində) və hüceyrələrin oksigenə olan tələbatını azaldaraq enerji təminatını optimallaşdırır. Beyin hüceyrələrinin normal funksiyalarını bərpa edərək koqnitiv funksiyaları gücləndirir. Ginkqo Biloba tərkibindəki terpen birləşmələri (6%) hesabına qan damarlarının divarını möhkəmləndirərək damar elastikliyini artırır. Damar divarının strukturunun (endotel qişa) zədələnməsindən irəli gələn eritrositlərin və trombositlərin aqreqasiyası və adgeziyasının qarşısını alaraq qanın reoloji xüsusiyyətlərini normallaşdırır.
QAYT (qamma-aminoyağ turşusu) – biogen maddə olub, orqanizmdə mərkəzi sinir sisteminin əsas tormozlayıcı mediatorlarından biridir. QAYT-ın mərkəzi sinir sisteminin fəaliyyətinə təsiri onun spesifik QAYT-ergik reseptorları ilə qarşılıqlı təsiri ilə baş verir. QAYT-ın sinaptik boşluqlarda toplanması QAYTA və QAYTC reseptorlarının aktivləşməsinə, bu isə neyronal impulsların ingibə olunmasına səbəb olur. QAYT reseptorlarının liqandları müxtəlif psixi pozuntularla müşahidə olunan mərkəzi sinir sistemi xəstəliklərinin, Parkinson, Alsheymer, yuxu pozğunluğu (yuxusuzluq, narkolepsiya), epilepsiyanın müalicəsində istifadə olunur. QAYT-ın aktivliyinin artması həmçinin, beyində energetik prosesləri yaxşılaşdırır, qlükozanın utilizasiyasını sürətləndirir, toxuma tənəffüsünü aktivləşdirir, qan təchizatını normallaşdırır. QAYT reseptorlarının aktivləşməsi kardiomiositlərdə sAMF-in miqdarının artmasına və kalsium ionlarının keçiriciliyinin zəifləməsinə, ürəyin normal ritm fəaliyyətinin bərpa olunmasına səbəb olur. QAYT beynin yarımkürələri arasında əlaqəni və neokortikal strukturlarda sinaptik keçiriciliyi yaxşılaşdırır, beyin funksiyalarını, xüsusən intellekti, yaddaşı və nitqi bərpa edir, əqli fəaliyyəti artırır, beyin qan dövranını yaxşılaşdırır.
Bakopa Monye – tərkibindəki saponinlər, bakozidlər və bakopa sterolları serotonin və dopamini tənzimləyir, koqnitiv funksiyaları bərpa edir: diqqəti, yaddaşı, əqli fəaliyyəti yaxşılaşır, zehni yorğunluq və depressiya kimi halları aradan qaldırır. Bacopa Monnieri xolin-asetilaza aktivliyinin artıraraq, asetilxolinin xaric olunması və muskarin xolinergik reseptorla bağlanması hesabına güclü nootrop təsir göstərir, koqnitiv pozğunluqlarda effektiv təsir göstərir.
B1 vitamini – beyinin işini stimullaşdırır və orqanizmi enerji ilə təchiz edir. B1 vitamini maddələrin, ilk növbədə karbohidratların mübadiləsində vacib rol oynayır. O, ürəyin işini normallaşdırır, yağların, zülallların və suyun mübadiləsində iştirak edir. Bundan başqa, tiamin orqanizmin müxtəlif infeksiyalara qarşı müqavimətini artırır, mədə şirəsinin turşuluğunu tənzimləyir və həzmi yaxşılaşdırır.
B3 vitamini –(nikotin turşusu-vitamin PP) orqanizmdə nikotinamidə çevrilir və kodehidroksilaza I və II kofermenti ilə birləşir, hidrogen daşınmasında, yağların, zülallların, amin turşuların, purinlərin metabolizmində, toxuma tənəffüsündə, qlikogenolizdə və digər biosintez proseslərində iştirak edir. Qanda ASLP, trigliseridlərin konsentrasiyasını azaldır, aretosklerozun qarşısını alır. Antiaterogen effektli YSLP-in miqdarını isə artırır.
B6 vitamini - qlutamin turşusunun QAYT-a çevrilməsində iştirak edir. QAYT-ın endogen sintezini aktivləşdirir. B6 vitamini əhval-ruhiyyəni tənzimləməyə kömək edən serotonin hormonunun, stres yaxud qorxu reaksiyalarına təsir edən norepinefrinin sintezinə kömək edir. B6 vitamini orqanizminn daxili saatını və yuxu rejimini tənzimləmək üçün melatonin sintezinə şərait yaradır.
İnozitol (B8 vitamini) - bir çox fermentlərin tərkib hissəsidir, baş beynin fəaliyyətini, yaddaşı və qan dövranını yaxşılaşdırır, sümük və əzələ toxumasının böyüməsi və inkişafı üçün vacib vitamindir. Xolesterin səviyyəsinin tənzimlənməsində iştirak edir, aterosklerozdan qoruyur.
Fol turşusu (B9 vitamini) - zülal mübadiləsində iştirak edir, hüceyrələrin böyüməsi və bölünməsi, sinir impulslarının ötürülməsi üçün mediatorların və qan hüceyrələrinin sintezində vacib vitamindir. Fol turşusu meqaloblast anemiyanın yaranmasının qarşısını alır.
B qrup vitaminlərinin birləşməsi Alzheimer xəstəliyi və depressiya riskini azaldır, koqnitiv funksiyaları qoruyub saxalyır və yaşlanma ilə əlaqəli yaddaş itkisinin qarşısını alır. Damara sərtlik verən homosistein maddəsini azaltmaqla yanaşı, iflic və demensiya riskini də azaldır.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏRİ:
• Dissirkulyator ensefalopatiyalar (insultun fəsadları, kəllə-beyin travmaları, yaşlanma dövrü), yaddaş və diqqətin pozulması, intellektual qabiliyyətin zəifləməsi, həyəcanlanma, qorxu.
• Parkinson və Alsheymer xəstəliyi, demensiya, yuxu pozğunluğu (yuxusuzluq, narkolepsiya), epilepsiya.
• Beyin qan dövranının pozulmaları
• Parkinsonizm və dağınıq skleroz.
• Vazospastik və toksik baş ağrıları.
• Neyrosensor pozğunluqlar: Qulaq küyləri, başgicəllənmə
• Nevrit; Nevralgiya; Neyropatiya
• Ürəyin işemik xəstəlikləri. Aritmiya. Ateroskleroz.
• Arterial hipertenziyalı və hipertonik krizlər keçirmiş şəxslərdə beynin xroniki işemiyasi və hipoksiyasi zamanı
• Gənclərdə diqqət və yaddaşın artırılması məqsədi ilə.
• Yaşlanma ilə əlaqədar görmə pozğunluğu. Diabetik retinopatiya.
• Diabetik neyropatiya; Diabetik angiopatiya
• Baş beyinin travması zamanı yaranan astenik, psixogen, nevrotik hallar.
• Periferik qan dövranı və mikrosirkulyasiya pozğunluğu. Aşağı ətrafların arterio və venopatiyaları. Reyno sindromu.
• Sinir mənşəli piqment pozğunluğu; Neyrodermit
• Sidik kisəsinin neyrogen-funksional pozğunluqları; Hiperaktiv sidik kisəsi- Detruzorun hiperrefleksiyası və disfunksiyası; İnkontinensiya – sidikqaçırma (həmçinin qadınlarda doğuşdan sonra yaranan sidikqaçırma)
DOZALANMASI VƏ İSTİFADƏ QAYDASI:
1 tablet gündə 1 dəfə, ağır hallarda 2 dəfə yeməkdən sonra daxilə qəbul olunur.
Qəbul qaydası və müalicə müddəti fərdi olaraq həkim tərəfindən tənzimlənə bilər.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda dispeptik pozğunluqlar, başgicəllənmə və allergik reaksiyalar.
ƏKS GÖSTƏRİŞLƏRİ: Məhsulun hər hansı bir komponentinə qarşı hiperhəssaslıq, hamiləlik və laktasiya.
BURAXILIŞ FORMASI: 30 tablet.
İSTEHSALÇI ÖLKƏ: Türkiyə.