Alginat bəzi yosun növlərindən alınmış polisaxariddir. Natrium alginat daxilə qəbul olunduqdan sonra mədə turşusu ilə reaksiyaya girərək mədənin içində hərəkət edə bilən və pH–ı mədə möhtəviyyatından daha yüksək olan gel əmələ gətirir, mədənin selikli qişasını bürüyür. Bikarbonatlarla birlikdə gelin əmələ gəlmə prosesi daha da sürətlənir. Bu gel mexaniki baryer funksiyası yerinə yetirərək qidanın geri hərəkətini zəiflədir və mədə reflüksünü azaldır. Ciddi vəziyyətlərdə (requrgitasiya zamanı) gel ezofagusa (qida borusuna) doğru geri gedir və qıcıqlanmış selikli qişanı qoruyaraq iltihabın kəskinləşməsinin qarşısını alır. Mədədə sərbəst xlorid turşusunu neytrallaşdırır, pepsinin aktivliyini azaldır. Bürüyücü və adsorbsiya edici təsirlərə malikdir, bunun sayəsində zədələyici amillərin ezofagus və mədənin selikli qişasına təsiri azalır, həmçinin 4 saata qədər qastroezofageal reflüks meydana gəlməsinin qarşısını alır. Mədə turşusu və ödün ezofagusa doğru reflüksü nəticəsində meydana çıxan ağrıları aradan qaldırır. Prostaglandinlərin sintezini stimullaşdırmaqla mədənin selikli qişasını qoruyur (sitoprotektiv təsir).
Selikli qişanı etanol, QSİƏP-lar (məsələn, indometazin, diklofenak, asetilsalisil turşusu), kortikosteroidlər kimi qıcıqlandırıcı və ülserogen maddələrin istifadəsi nəticəsində yarana biləcək iltihabi və eroziv-hemorragik zədələnmələrdən qoruyur.
Terapevtik təsir daxilə qəbul etdikdən 3-5 dəqiqədən sonra başlayır. Davamlı təsir müddəti mədənin boşalma sürətindən asılıdır. Boş mədəyə (acqarına) qəbul edildikdə, təsiri 60 dəqiqəyə qədər davam edir. Yeməkdən bir saat sonra qəbul edildikdə antasid təsiri 4 saata qədər davam edə bilər. Mədə şirəsinin ikincili hipersekresiyasını yaratmır.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏRİ:
•Kəskin qastrit;
•Mədənin artan və normal sekretor funksiyası ilə müşayiət olunan xroniki qastrit (kəskinləşmə mərhələsində);
•Kəskin duodenit, enterit, kolit;
•Mədə və 12 barmaq bağırsağın xora xəstəliyi (kəskinləşmə mərhələsində);
•Diafraqmanın qida borusu yırtığı (hiatal yırtıq);
•Qastroezofageal reflüks, duodenoqastral reflüks (mədə qıcqırması, turş gəyirmə və requrgitasiya zamanı; o cümlədən, hamiləlik zamanı);
•MBT-nın müxtəlif mənşəli simptomatik xoraları;
•MBT-nın yuxarı şöbəsinin selikli qişasının eroziyası;
•Pəhrizin pozulması, etanol, nikotin, qəhvənin həddindən artıq qəbulunda epiqastriumda yanma hissi və ağrı zamanı;
•Mədənin selikli qişasını qıcıqlandıran dərmanların (QSİƏP, kortikosteroidlər və s.) qəbulu ilə bağlı qıcıqlandırıcı və ülserogen təsirlərin qarşısının alınması məqsədi ilə
•Qida qəbulundan sonra mədədə ağırlıq hissi (o cümlədən, hamiləlik zamanı);
•Qastroezofageal reflüks fonunda yaranan faringit, laringit, yuxarı tənəffüs yolları infeksiyaları, öskürək
DOZALANMASI VƏ İSTİFADƏ QAYDASI:
Hər qəbuldan əvvəl flakonu çalxalamaqla suspenziya homogenləşdirilməlidir.
12 yaşdan kiçik uşaqlar həkim məsləhəti ilə qəbul etməlidirlər.
12 yaşdan böyük uşaqlar və böyüklər: 10-20 ml yeməkdən sonra və gecə yatmazdan əvvəl daxilə qəbul olunur.
Yaşlılarda doza korreksiyasına ehtiyac yoxdur.
Qıcıqlandırıcı təsiri olan dərmanların qəbulundan 15 dəqiqə əvvəl 5-10 ml daxilə qəbul olunur.
Qəbul qaydası və müalicə müddəti fərdi olaraq həkim tərəfindən tənzimlənə və müalicə kursları təkrarlana bilər.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda allergik reaksiyalar müşahidə oluna bilər.
ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.
HAMİLƏLİK VƏ LAKTASİYA ZAMANI İSTİFADƏSİ: mümkündür.
XƏBƏRDARLIQ: 7 günlük Sodasid ilə müalicə zamanı xəstəliyin əlamətləri azalmazsa və ya şikayətlər pisləşərsə xəstənin həkim tərəfindən yenidən müayinə olunması lazımdır.