AntiCold
TƏRKİBİ 1 saşedə:
N-asetilsistein (N-Acetylcystein)...........................100 mq
Roybos yarpaqları (Aspalathus linearis)...............390 mq
Ağ söyüd qabığı (Salix alba (willow) bark)............150 mq
Exinasea (Echinacea)...........................................120 mq
Qara gəndəlaş (Sambucus nigra).........................150 mq
Beta-Qlükan (Beta-Glucan).....................................50 mq
Pelarqonium sidoid kökü (Pelargonium sidoides)...20 mq
C vitamini (Ascorbic acid)………...........................120 mq
D3 vitamini (Cholecalciferol)…………………........400 BV
Sink sulfat (Zinc sulphate)..................................69,25 mq
FARMAKOTERAPEVTİK QRUPU: Antipiretik (qızdırma salıcı), iltihab əleyhinə, analgetik (ağrı kəsici), immunostimulyator
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Antipiretik (qızdırma salıcı), iltihab əleyhinə, analgetik (ağrı kəsici), immunostimulyator, antiallergik təsirlərə malik kombinə olunmuş preparat. KRVİ (Kəskin respirator virus infeksiyası) simptomları olan yüksək hərarət, titrəmə və qızdırma, baş ağrısı, burun axması, burun tutulması, asqırma və əzələ ağrısını qısa zamanda aradan qaldırır, zəifləmiş immuniteti yüksəldir
N-asetilsistein - sistein amin turşusunun törəməsidir, iltihab əleyhinə, mukolitik, antioksidant, detoksikant təsirlərə malikdir. Selikli ifrazatın reoloji xassələrinə birbaşa təsir edərək burun boşluğundakı seliyin və bronxlardakı bəlğəmin xaric olmasını asanlaşdırır, allergenlər, infeksiyalar, toz və s.dən təmizlənməsini təmin edir. Mukolitik təsiri hesabına seliyin qlikoproteinlərinin disulfid bağlarını qıraraq selikli və irinli-selikli sekrasiyaları tez durulaşdırır, toplanmış qatı, yapışqan seliyi, bəlğəmi həll edir və çıxarır, bakteriyaların burun boşluğuna və bronxlara fiksasiyasının və yarada biləcəyi fəsadlarının qarşısını alır. Asetilsistein leykositlərin hemotaksisini inhibə edərək iltihab əleyhinə təsir göstərir, tənəffüs yollarında ödemi, selikli qişanın hiperemiyasını aradan qaldırır. Tərkibindəki reaktiv sulfhidril qrupları (SH qrupları) oksidləşdirici radikallara bağlanaraq onları neytrallaşdırır, antioksidant təsir göstərir.
Roybos yarpaqları – tərkibindəki kversetin flavonoidi hesabına antioksidant, kapillyaroprotektor, dezintoksikant, ödem əleyhinə, sidik qovucu, tər qovucu, spazmolitik, regenerator təsirlər göstərir. Həmçinin, kapillyarların işini aktivləşdirir, qan-damar divarlarını möhkəmləndirir. Tənəffüs orqanlarında qanın mikrosirkulyasiyasını yaxşılaşdırır, burundakı şişkinliyi aradan qaldırıb rahat tənəffüsü təmin edir.
Ağ söyüd qabığı – flavonoidlərlə, katexinlərlə, proantosianidinlərlə (PAS) və fenol turşuları ilə zəngin tərkibi hesabına antiseptik, antibakterial, antifunqal, iltihab əleyhinə, ağrıkəsici təsirlərə malikdir. Qatı, yapışqan seliyi, bəlğəmi durulaşdırır, burun boşluğundan, bronxlardan asan xaric edir.
Exinaseya - təbii, bitki mənşəli immunostimulyator komponentdir. Tərkibindəki polisaxaridlər, qlikoproteinlər, üzvü turşular, efir yağları, terpen birləşmələri və poliasetilenlər hesabına faqositoz prosesini stimulə edir, iltihab əleyhinə faktorların miqdarını artırır, makrofaqların, interleykinlərin və leykositlərin (T və B limfositlərin) sintezini stimulə edir. İmmunostimulyator effekti sayəsində orqanizmin yad maddələrə və törədicilərə (virus, bakteriya, göbələk, ibtidailər) qarşı müqavimətini artırır.
Qara gəndəlaş - tərqovucu, iltihab əleyhinə, dezinfeksiyaedici təsirə malikdir. Soyuqdəymə, qrip, yuxarı və aşağı tənəffüs yollarının iltihabı (laringit, bronxit və s.), böyrək və sidik kisəsinin iltihabi xəstəliklərində istifadə olunur. Hüceyrələr virusla yoluxan zaman antioksidantla zəngin qara gəndəlaş qrip virusunun yayılmasının qarşısını alır. Bu antiviral aktivlik onun antosianidin birləşmələrinə (xüsusilə onun əsas aktiv maddəsi, sianidin-3-qlükozid) hesabına baş verir.
Beta-Qlükan – təbii polisaxarid kompleksidir, orqanizmin təbii immun cavabının formalaşmasında və immun mexanizmlərin aktivləşməsində rolu vardır. Həzm sistemi tərəfindən heç bir fermentativ fraqmentasiyalara məruz qalmır, tam biomənimsənilməyə malikdir. Nazik bağırsağın Peyer ilgəyində olan immun hüceyrələrin (makrofaq) membranlarındakı xüsusi reseptorlarla birləşir, onların virus, bakteriya, göbələk və parazitlərə qarşı təbii immun cavabını aktivləşdirir (faqositoz prosesini stimullaşdırır, interferon, interleykinlər, şiş hüceyrələrini nekrozlaşdırıcı faktor və s. sintez olunur, digər immun hüceyrələr aktivləşir).
Biomənimsənilmiş beta-qlükanın böyük qismi qana keçməklə, qapı venası ilə qaraciyərə gəlir, burada Kupfer hüceyrələri tərəfindən udulur və onları aktivləşdirərək bu hüceyrələr tərəfindən sistem immun sitokinlərinin (interleykin və interferonların) sürətli sintezini reallaşdırır. Həm yerli, həm də sistem immuniteti gücləndirdiyinə görə beta-qlükanın istənilən növ immun çatışmazlıqlarda istifadəsi mümkündür.
Pelarqonium sidoid kökü (Cənubi Afrika ətirşahı) – A qrip virusları (H1N1, H3N2), Koksaki virusu A9, koronavirus, respirator-sinsitial virus (RSV), paraqrip virusu və herpes simplex virusları (HSV-1, HVS -2) daxil olmaqla bir sıra viruslara qarşı aktivliyə malik olduğu kliniki sınaqlarla sübut olunmuşdur. Tərkibindəki fenol birləşmələri hesabına virusun sahib-hüceyrə reseptorlarına bağlanmasının qarşısını alaraq və neyraminidaza fermentini inhibə edərək antiviral aktivlik göstərir. Bundan əlavə, immun sistemi stimullaşdıraraq interferonların (IFN) istehsalını artırır, viral infeksiyalara qarşı immun müqaviməti yüksəldir.
C vitamini - metabolik təsirə malikdir. Dəmir, fol turşusu, histamin, lipid, zülal mübadiləsində, karnitin sintezi, immun reaksiyalarda, toxumaların regenerasiyasında iştirak edir. İmmun reaksiyaları tənzimləyir (antitellərin, komplementin С3-komponentin, interferonun sintezini aktivləşdirir), faqositozu aktivləşdirir, orqanizmin infeksiyalara qarşı müqavimətini artırır. Histaminin xaric olmasını tormozlayır və parçalanmasını sürətləndirir, prostaqlandinlərin, iltihab və allergik reaksiyaların digər mediatorlarının yaranmasının qarşısını alır, damar keçiriciliyini zəiflədir. Güclü antioksidant və antiaqreqant təsirə malikdir. Superoksid, hidroksil radikalları və singlet oksigen kimi zərərli oksigen törəmələri ilə birbaşa reaksiyaya girib zənciri qıran suda həll olunan antioksidantdır. Gözlər, ağciyərlər, qan və immun sistemi oksidləşdirici stresdən qorumaqda kliniki əhəmiyyətə malikdir. C vitamini qlütation və alfa-lipoy turşusu ilə qarşılıqlı əlaqədə olur və E vitaminini bərpa edir. C vitamini beta-qlükanla birlikdə sinergik təsir göstərərək bir-birinin təsirini gücləndirir.
D3 vitamini – yalnız sümük sağlamlığı üçün deyil, güclü immun sistemi üçün də vacib vitamindir. İmmun sistemin fəaliyyətinin aktivləşməsində və tənzimlənməsində əsas funksiyalara malikdir. D3 vitamini defisiti zamanı T və B limfositlər və digər anticisimlər kifayət qədər aktivləşə bilmir, infeksiyalara yoluxma riski artır. D3 vitamini humoral və hüceyrəvi immuniteti gücləndirməklə infeksion törədicilərə qarşı müqavimətini artırır, immun müdafiəni təmin edir. T və B-limfositlərin sayını, makrofaqların aktivliyini artıraraq immun və faqositoz proseslərini sürətləndirir, törədicilərin sürətli neytrallaşmasını həyata keçirir.
Sink – hüceyrə metabolizmində əsas rol oynayan fermentlərin tərkibinə daxil olub hüceyrələrdə zülal və karbohidrat sintezini tənzimləyir. Hüceyrə membranının struktur möhkəmliyini təmin edir, immunitetin formalaşmasında iştirak edir, T-limfositlərin sintezini sürətləndirir. Orqanizmdə insulinin toplanmasını və insulinə həssaslığı artırır.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏRİ:
Yüksək hərarət, titrəmə və qızdırma, baş ağrısı, burun axması, burun tutulması, asqırma və əzələ ağrısı ilə müşayiət olunan infeksion-iltihabi xəstəliklər – qrip, KRVİ ("soyuqdəymə").
DOZALANMASI VƏ İSTİFADƏ QAYDASI:
AntiCold – Moruq və mentol aromalı
1 saşe gündə 1-2 dəfə
Saşe 150 ml ilıq suda həll edilib daxilə qəbul olunur.
ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda allergik reaksiyalar müşahidə oluna bilər.
BURAXILIŞ FORMASI: 20 saşe.
İSTEHSALÇI ÖLKƏ: Türkiyə